Azərbaycan Tibb Universitetinin Tədris Stomatoloji Klinikası

Tel: (+99412) 449 82 55, E-mail: info@amustom.az

Normativ baza

                     AZƏRBAYCAN TİBB UNİVERSİTETİNİN                                                           
                       TƏDRİS STOMATOLOJİ KLİNİKASININ 
                         ƏSASNAMƏSİ (yeni redaksiyada)
 
 
1. Ümumi müddəalar
 
1.1. Azərbaycan Tibb Universitetinin “Tədris Stomatoloji klinikası” onun struktur bölməsi olub, elmi-tədris fəaliyyətilə yanaşı, əhaliyə tibbin müxtəlif sahələrində və stomatologiya sahəsində ödənişli əsaslarla ixtisaslaşdırılmış konsultativ, diaqnostik və müalicəvi yardım göstərən tibb müəssisəsidir.
1.2. “Tədris Stomatoloji klinika”nın tərkibinə klinik bölmələr, şöbələr, köməkçi şöbə və kabinetlər daxildir.
1.3. “Tədris Stomatoloji klinika” tədris, elmi-tədqiqat, müalicə, konsultativ-diaqnostik işlərin aparılması, tibbi-istehsalat təcrübələrinin keçirilməsi, eləcə də, tibbi-pedaqoji kadrların ixtisaslarının artırılması və təkmilləşdirilməsi üçün bazadır.
1.4. “Tədris Stomatoloji klinika” öz fəaliyyətində Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyini, Səhiyyə Nazirliyinin normativ sənədlərini, Azərbaycan Tibb Universitetinin Nizamnaməsini (2-ci redaksiyada), Universitet Elmi Şurasının qərarlarını, rektorun əmr və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.
1.5. “Tədris Stomatoloji klinika” Azərbaycan Tibb Universitetinin tərkibində və nəzarəti altında ayrıca bank hesabına, üzərində Azərbaycan Respublikasının Dövlət Gerbinin təsviri öz adı olan möhürə, müvafiq ştamp və blanklara, loqotipə malik olan təsərrüfat hesablı müəssisədir. 
1.6. Klinika Bakı şəhəri, Səməd Vurğun küçəsi 175 ünvanında yerləşir.  
 
 
2. “Tədris Stomatoloji klinika”nın əsas vəzifələri
 
2.1. “Tədris Stomatoloji klinika”nın əsas vəzifələri aşağıdakılardan ibarətdir:
2.1.1. Tədris prosesinin müasir tələblər səviyyəsində təşkili və aparılması üçün şəraitin yaradılması;
2.1.2. Ölkə əhalisinə və əcnəbi vətəndaşlara yüksək səviyyəli ixtisaslaşdırılmış stomatoloji xidmətin göstərilməsi;
2.1.3. Professor-müəllim heyyətinin ixtisaslarının artırılması, həkimlərin, orta tibb işçilərinin təkmilləşdirilməsi və sertifıkatlaşdırılması üçün şəraitin təmin edilməsi;
2.1.4. Elmi-tədqiqat işlərinin aparılması, yeni müalicə, diaqnostika, profilaktika üsullarının, müasir tibbi texnologiyaların işlənib hazırlanması və praktik səhiyyəyə tətbiq edilməsi üçün tədbirin görülməsi;
2.2. Qarşısında duran məqsəd və vəzifələri həyata keçirmək üçün “Tədris Stomatoloji klinika” aşağıdakı funksiyaları yerinə yetirir:
2.2.1. Xəstələrə konsultativ, diaqnostik, müalicəvi xidmət göstərilməsi və onların reabilitasiyası üçün klinik bölmələrin birgə fəaliyyətini təşkil edir;
2.2.2. Müasir metodlardan, elm və təcrübənin yeni nailiyyətlərindən istifadə etmək tədrisin keçirilməsi üçün zəruri şərait yaradır;
2.2.3. Klinik və elmi-praktik konfransları, eləcə də digər tədbirləri təşkil edir və keçirir;
2.2.4. Tibbi kadrlara ixtisas dərəcələri verilməsi üçün onların attestasiya hazırlığını həyata keçirir;
2.2.5. Tibbi kadrların diplomdan sonrakı hazırlığı, kiçik və orta təhsilli tibb işçilərinin ixtisaslaşdırılmasını, ixtisaslarının artırılması və təkmilləşməsi üçün şərait yaradır, həyata keçirir;
2.2.6. Tədris, elmi-tədqiqat, müalicə-diaqnostika proseslərini yerinə yetirmək üçün klinik bölmələri müvafıq dərman preparatları, materiallar və s. ilə təchiz edir. Tibbi cihaz və avadanlıqların işlək vəziyyətdə olmasını nəzarət və təmin etmək məqsədi ilə müvafıq tədbirləri həyata keçirir;
2.2.7. Klinik sınaqların, xəstəliklərin diaqnostikası, müalicəsi və profılaktikasının aparılması, ağırlaşmaların qarşısının alınması, xəstələrin reabilitasiyası üzrə yeni səmərəli metodların ekspert qiymətləndirilməsinin qəbul olunmuş qaydada işlənib hazırlanmasını və həyata keçirilməsini təmin edir;
2.2.8. “Tədris Stomatoloji klinika”da konsultativ, diaqnostik və müalicəvi yardımın göstərilməsi, əmək qabiliyyətinin müvəqqəti itirilməsi haqqında sənədlərin verilməsi qanunvericilikdə müəyyən edilmiş qaydada həyata keçirilir.
 
3. “Tədris Stomatoloji klinika”nın  strukturu  və  personalı
 
3.1. “Tədris Stomatoloji klinika”ya direktor rəhbərlik edir. Klinikanın direktoru rektorun təqdimatı əsasında Azərbaycan Respublikası Səhiyyə Naziri tərəfindən təyin və azad edilir. 
“Tədris Stomatoloji klinika”nın direktoru:
3.1.1. Özünün müavinləri (müalicə, elmi-tədris, iqtisadi-maliyyə, təsərrüfat və s. işləri üzrə), şöbələrin, klinik bölmələrin rəhbərləri ilə birgə müaicə-diaqnostika işlərini təşkil edir, inzibati təsərrüfat və maliyyə məsələlərini universitet rəhbərliyi və müvafiq aidiyyatlı strukturları ilə birgə razılaşdırdıqdan sonra həyata keçirir.  
3.1.2. Universitet elmi şurasının üzvü kimi üzərinə düşən funksiyaları yerinə yetirir.
3.1.3. Klinik bölmələrdə müalicə-diaqnostika işinin təşkilinə görə məsuliyyət daşıyır.
3.1.4. “Tədris Stomatoloji klinika”nın illik fəaliyyəti haqqında Universitetin Elmi Şurasına və digər aidiyyatı təşkilatlara müəyyən olunmuş qaydada hesabat verir.
3.2. “Tədris Stomatoloji klinika”nın direktorunun müavinləri (müalicə, elmi-tədris, iqtisadi-maliyyə, təsərrüfat və s. işləri üzrə) əsasən universitetin aparıcı professor və dosentləri sırasından klinika direktorunun təqdimatı ilə ATU-nun rektoru tərəfindən vəzifəyə təyin və azad edilir. Klinika direktorunun müavinləri arasında vəzifə bölgüsü direktor tərəfindən aparılır.
“Tədris Stomatoloji klinika”nın direktorunun müavini: 
3.2.1. Vəzifə bölgüsü ilə ona həvalə edilmiş sahələrin fəaliyyətinə görə məsuliyyət daşıyır. 
3.2.2. Ona həvalə edilmiş sahənin işinə nəzarət edir. 
3.2.3. Həvalə edilmiş sahələr üzrə fəaliyyətin təkmilləşdirilməsi məqsədi ilə klinika direktoruna təkliflər verir.  
3.2.4. Ümumiləşdirmələr aparır, statistik və digər hesabatları hazırlayır və klinika direktoruna təqdim edir. 
3.2.5. Fəaliyyəti ilə bağlı rektorun və klinika direktorunun tapşırıqlarını yerinə yetirir.
3.3. “Tədris Stomatoloji klinika”nın strukturu və stat cədvəli, direktorun müavinlərinin, şöbə, klinik bölmə rəhbərlərinin rəyi nəzərə alınmaqla klinikanın direktoru tərəfindən tərtib edilir və müəyyən olunmuş qaydada ATU-nun rektoru tərəfindən təsdiq olunur. 
3.4. “Tədris Stomatoloji klinika”nın strukturunda şöbələrin, kliniki bölmələrin sayı və profili aparılan müalicə-diaqnostik, tədris və elmi işlərin xarakterinə və həcminə uyğun olaraq müəyyənləşdirilir.  
3.5. “Tədris Stomatoloji klinika”nın struktur vahidi şöbədir. Şöbə müdiri “Tədris Stomatoloji klinika”nın direktorunun təqdimatına əsasən ATU-nun rektoru tərəfindən təyin edilir.
3.6. Klinik bölmə rəhbərləri, eyni zamanda müvafıq kafedraların müdirləri olmaqla aşağıdakıları həyata keçirirlər:
3.6.1. Tədris-metodik, elmi-tədqiqat işələrinin planlarını tərtib edirlər.
3.6.2. Müalicə-diaqnostik, tədris-pedaqoji və elmi-tədqiqat işlərinin keyfıyyətinə görə şəxsi məsuliyyət daşıyırlar.
3.6.3. Mütəxəssislərin diplomdan sonrakı hazırlığının formalaşdırılması, planlaşdırılması və təşkili məsələlərinin həllində iştirak edirlər.
3.6.4. Əməkdaşların mükafatlandırılması, eləcə də onlara qarşı intizam tənbehi tədbirlərinin tətbiq edilməsi barədə “Tədris Stomatoloji klinika”nın direktoruna təkliflər verirlər.
3.6.5. Aparılan müalicə işi haqqında “Tədris Stomatoloji klinika”nın direktoruna hesabat verirlər.
3.7. “Tədris Stomatoloji klinika”ya həkimlərin işə qəbulu Azərbaycan Respublikasının Səhiyyə Nazirinin 02 dekabr 2012-ci il tarixli 126 nömrəli əmrinə müvafiq olaraq müsabiqə yolu ilə, mərkəzləşmiş qaydada aparılır. Orta tibb heyyətinə aid olan işçilər Səhiyyə Nazirinin 01 dekabr 2005-ci il tarixli 143 nömrəli əmrinə müvafiq olaraq, müsabiqə yolu ilə qəbul edilir. Qeyri tibb işçilərinin işə qəbulu və işdən azad olunması qüvvədə olan qanunvericiliyə əsasən, Tədris Stomatoloji klinikanın direktorunun rəyi nəzərə alınmaqla, rektorun əmri ilə həyata keçirilir. Stomatologiya kafedralarının professor-müəllim heyyəti vəzifə öhdəliklərinə uyğun olaraq, eyni zamanda, həkim vəzifələrini icra edirlər. 
3.8. “Tədris Stomatoloji klinika”nın əməkdaşlarının vəzifə borcları müvafiq təlimatlarla müəyyənləşdirilir. 
4. “Tədris Stomatoloji klinika”nın maddi-texniki təchizatı və maliyyələşdirilməsi.
 
4.1. “Tədris Stomatoloji klinika”nın xərcləri əldə etdiyi gəlirlər hesabına tənzimlənir.
4.1.1. “Tədris Stomatoloji klinika”nın bölmələri öz işlərində universitet tərəfindən ayrılmış, eləcə də klinikanın gəlirləri hesabına əldə edilmiş maddi vəsaitlərdən istifadə edir. “Tədris Stomatoloji klinika”nın əsas vəsaitləri və avadanlıqları ATU-nun balansına daxildir. Onların alınması və silinməsi muvafıq qaydada aparılır.
4.1.2. “Tədris Stomatoloji klinika”nın əsaslı və cari təmiri pullu tibbi xidmətdən əldə edilən, eləcə də universitet tərəfındən ayrılan vəsaitlər hesabına aparılır.
4.1.3. “Tədris Stomatoloji klinika”nın işçilərinin əmək haqqı klinikanın gəlirləri hesabına ödənilir.
4.2. Klinik bölmələrin, şöbələrin  avadanlıq, alət, material və inventarlarla təmin olunması təqdim olunmuş sifarişlər əsasında ATU-nun müvafıq xidmət strukturu tərəfindən və ya klinikanın gəlirləri hesabına həyata keçirilir.
4.3. Klinik bölmələrin, şöbələrin dərman preparatları və ləvazimatları ilə təchizatı müvafıq normativlərə uyğun olaraq klinikanın apteki vasitəsilə təmin olunur.
4.4. “Tədris Stomatoloji klinika”da göstərilən ödənişli tibbi xidmətlər Universitetin Elmi Şurası tərəfindən təsdiq edilmiş müvafiq tariflərə uyğun olaraq, xidmət haqqının ödənilməsi təşkil edilir və bu barədə xəstələrə müvafiq məlumatlar verilir. 
4.5. “Tədris Stomatoloji klinika” tərəfindən göstərilən ödənişli tibbi xidmətlər qanunvericilikdə müəyyən olunmuş qaydada aparılır. 
4.6. “Tədris Stomatoloji klinika”ya müraciət edən xəstələrə tibbi xidmətlər göstərilən zaman güzəşt və imtiyazlar tədbiq edilən kateqoriyaya aid olan şəxslərin siyahısı Universitetin Elmi Şurası tərəfindən təsdiq edilir. 
4.7. “Tədris Stomatoloji klinika”nın yenidən təşkili və ləğvi qanunvericiliyə uyğun olaraq həyata keçirilir.      
 
 
 
Bu Əsasnamə Azərbaycan Tibb Universitetinin Elmi Şurasının 30 may 2017-ci il tarixli iclasında qəbul olunmuşdur (protokol 09).