Azərbaycan Tibb Universitetinin Tədris Stomatoloji Klinikası

Tel: (+99412) 449 82 55, E-mail: info@amustom.az

Elanlar

ATU-nun Əsaslı Kitabxanası nüfuzlu EBSCO nəşriyyatına yenidən abunə oldu

Azərbaycan Tibb Universitetinin Əsaslı Kitabxanası nüfuzlu  EBSCOhost (search.ebscohost.com) elektron nəşriyyatına abunəsini yeniləyib. Bu abunəlik ATU təmsilçilərinə 14 elmi istiqamətdə kitab və jurnalların məlumat bazasına girişinə imkan yaradır.

ATU-nun Əsaslı Kitabxanasının direktoru Ziyafət Eminovanın sözlərinə görə, EBSCO elektron  məlumat bazası dünyanın müxtəlif yerlərində nəşr olunan sənədlərin elektron variantlarını oxuculara təqdim edir. EBSCO-nun 375-dən çox müxtəlif elmi-tədqiqat bazasının resurslarına, o cümlədən 360 min elmi jurnal və 550 min elektron kitaba vahid nöqtədən çıxış imkanı var.  Ümumilikdə EBSCO məlumat bazası 20-yə yaxın məlumat sahəsini özündə birləşdirir.

Azərbaycan Tibb Universitetinin bütün klinikalarında və tədris binalarında olan kompüterlərdəki IP ünvanlardan EBSCO bazasına search.ebscohost.com saytından daxil olmaq mümkündür. Eyni zamanda, bu bazaya ATU-nun rəsmi “www.amu.edu.az” saytındakı “Onlayn kitabxana/elektron bazalar” bölməsindən  search.ebscohost.com ünvanı ilə giriş etmək olar. Bu zaman saytda Akademik search Premier məlumat bazasına daxil olaraq axtarış sahəsində açar sözləri daxil edib PDF şəklində 4500 jurnal, 1000-dən çox kitabın tam mətnlərini əldə etmək olar. Bazada tibbə aid olan 22 mindən çox jurnal məqaləsi Scholarly (Peer Reviewed) Journals resenziyalı jurnal  formasında yerləşdirilib.

Qeyd etmək lazımdır ki, ATU-nun Əsaslı Kitabxanası təsisçisi olduğu Azərbaycan Kitabxana İnformasiya Konsorsiumu (AzKiK)  üzvü kimi EBSCO-nun üstünlüklərindən yararlanır. Konsorsium 2003-cü ildə Bakı Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti və  Xəzər Universiteti  Kitabxanalarının birgə təşəbbüsü ilə yaradılıb. Hazırda 25-dən çox üzvü olan Azərbaycan Kitabxana İnformasiya Konsorsiumun ən böyük layihələrindən biri məhz EBSCO elektron nəşriyyat bazasına üzv olmasıdır. Konsorsium üzvlərinin birgə abunə formasında bu nəşriyyata üzv olması  həm də illik abunə haqqının bütün üzvlər arasında bərabər bölünməsi baxımından əlverişlidir.

ATU-nun  Əsaslı kitabxanası Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə dövlət proqramı”nın təsdiqi barədə sərəncamı, “Elm, texnologiya və innovasiyalar sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi haqqında” 2014-cü il 26 dekabr  tarixli  sərəncamına əsasən elektron informasiya təminatçısı kimi fəaliyyət göstərir.